“Qarabağ” bu gün HJK ilə ilk sınağına çıxır

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun komandası Avroliqada mübarizə aparmaq məcburiyyətində qalıb.

Ağdam təmsilçisi bu turnirin 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK komandası ilə görüşəcək. Bu gün baş tutacaq ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Çətin səfərə üstün yollanmaq üçün təmsilçimiz ilk oyunda mütləq qalib gəlməlidir.

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Helsinki şəhərində keçiriləcək. Həmin oyunun da start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Xatırladaq ki, HJK – “Qarabağ” cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Sözügedən kollektivlərin ilk görüşündə İstanbul təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.

“Qarabağ” bu mövsüm Çempionlar Liqasında Cəbəllüttariqin “Linkoln” komandasına səfərdə 2:1, evdə 4:0 qalib gəlsə də, Polşa çempionu “Rakuv”a səfərdə 2:3 uduzub, evdə 1:1 hesablı heç-heçəyə razı olub. HJK isə startda Şimali İrlandiya təmsilçisi “Larne”ni evdə 1:0 yenib, səfərdə 2:2 hesablı heçəyə razılaşıb. Ardından İsveç “Molde”sinə də evdə 1:0 qalib gəlmiş Helsinki təmsilçisi səfərdə 0:2 hesabıyla uduzduğu üçün ÇL-lə vidalaşıb.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
10 avqust

20:00. “Qarabağ” – HJK
Baş hakim: Roy Raynşrayber (İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: