Rüstəm Orucov karyerasını başa vurdu

Cüdo üzrə Azərbaycan yığmasında yüksək nailiyyətləri ilə tanınan Rüstəm Orucov peşəkar karyerasını başa vurmaq qərarına gəlib.

Arena.az xəbər verir ki, saysız-hesabsız beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş cüdoçumuz 31 yaşında idmandan gedib.

O, bu qərarını belə şərh edib: “Bu illər həqiqətən unudulmaz olub və mən xalqımızı mötəbər arenalarda təmsil etməkdən hədsiz qürur duyuram. Bununla belə, hər bir səfər öz sonuna çatır. Avqust ayında Olimpiya medalını qazanmışdım. Elə bu ayda da idmanla vidalaşıram. Bu illər ərzində mənə dəstək olan hamıya ürəkdən təşəkkürümü bildirirəm! Nə yaxşı ki, varsınız! İndi isə həyatımda yeni səhifə açmaq vaxtıdır”.

Orucov bununla bağlı Avropa Cüdo Birliyinin rəsmi saytına da açıqlama verib. Məqalənin Azərbaycan dilinə tərcümə edilmiş variantını təqdim edirik:

“Əsl cənablar həm tatamidə, həm də ondan kənarda əzmkarlıq və hörmət nümayiş etdirirlər. Rüstəm Orucovun nailiyyətlərinə Olimpiya mükafatı, ikiqat dünya mükafatı və Avropa çempionu titulu daxildir. Rio-2016 Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov sosial şəbəkələr vasitəsi ilə karyerasını bitirdiyini açıqlayıb.

O, Azərbaycanın simvolu olaraq gələcək nəsillərə diqqətlə yanaşır və cüdonun ona göstərdiyi hər şeyə görə minnətdardır:

“Cüdo mənə çox şey öyrətdi, o cümlədən yaxşı davranmaq, başqalarına hörmət etmək. Cüdo insana doğru yolu göstərir, ona görə də cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman deyiləm. Gələcək nəsil ilk növbədə pis vərdişlərdən uzaq olmalı, yüksək nəticə əldə etməyi qarşısına məqsəd qoymalı və son ana qədər mübarizə aparmalıdır. Mən podiuma qalxdığım anı həmişə xatırlayacağam”.

Xatırladaq ki, Rüstəm Orucov 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, həmin ildə Avropa çempionu titulunu qazanıb. 2017 və 2019-cu illərdə dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionatlarında 1 dəfə gümüş, 3 dəfə isə bürünc mükafata sahib olub. “Masters” turnirində 1 dəfə qızıl medal, 3 dəfə isə bürünc medal qazanıb. Müxtəlif illərdə o, “Böyük Dəbilqə” (16) və qran-pri (12) yarışlarında ümumilikdə 28 medal əldə edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: