“Qarabağ” – HJK matçı üçün satılmış biletlərin sayı açıqlandı

Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq “Qarabağ” – HJK oyununa satılmış biletlərin sayı açıqlanıb.

Arena.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun üçün indiyə qədər 18000 bilet satılıb.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərinin qiyməti, müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlar üçün biletlərin qiyməti isə 200 manatdır.

“Qarabağ” – HJK oyunu bu gün Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu oyuna saat 20:00-da start veriləcək. Cavab görüşü isə bir həftə sonra Helsinki şəhərində keçiriləcək. Həmin oyunun da start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Xatırladaq ki, “Qarabağ” – HJK cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.

Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: