“Qarabağ” HJK ilə Bakıdakı oyunda çətin qələbəyə sevindi

“Qarabağ” bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Finlandiyanın HJK komandası ilə ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, bu komandalar arasındakı ilk görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Ötən həftə UEFA Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun komandası indi Avroliqada mübarizə aparmaq məcburiyyətində qalıb. Ağdam təmsilçisi bu turnirin 3-cü təsnifat mərhələsində HJK komandasını mübarizədən kənarlaşdırmağı hədəfləyib. Çətin səfərə üstün yollanmaq üçün təmsilçimiz ilk oyunda mütləq qalib gəlməli idi. Azərbaycan çempionu bu istəyinə çətin qələbə ilə nail olub.

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Helsinki şəhərində keçiriləcək. Həmin oyunun da start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Xatırladaq ki, HJK – “Qarabağ” cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Sözügedən kollektivlərin ilk görüşündə İstanbul təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.

“Qarabağ” bu mövsüm Çempionlar Liqasında Cəbəllüttariqin “Linkoln” komandasına səfərdə 2:1, evdə 4:0 qalib gəlsə də, Polşa çempionu “Rakuv”a səfərdə 2:3 uduzub, evdə 1:1 hesablı heç-heçəyə razı olub. HJK isə startda Şimali İrlandiya təmsilçisi “Larne”ni evdə 1:0 yenib, səfərdə 2:2 hesablı heçəyə razılaşıb. Ardından İsveç “Molde”sinə də evdə 1:0 qalib gəlmiş Helsinki təmsilçisi səfərdə 0:2 hesabıyla uduzduğu üçün ÇL-lə vidalaşıb.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
10 avqust

“Qarabağ” – HJK 2:1
Qollar: Leandro Andrade, 55. Juninyo, 85 – Entoni Olusanya, 77.
Baş hakim: Roy Raynşrayber (İsrail).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə (55. Bədavi Hüseynov, 90+2), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov (5. Maksim Medvedev, 90+2), 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya (17. Hamidu Keyta, 71), 15. Leandro Andrade (66. Patrik Andrade, 90+2), 10. Abdullah Zubir, 19. Redon Cica (18. Juninyo, 71).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Ramin Ramazanov, 4. Rahil Məmmədov, 11. Adama Diakabi, 20. Riçard Almeyda, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

HJK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç (29. Entoni Olusanya, 72), 10. Lukas Linqman, 15. Miro Tenho (k), 18. Topi Keskinen (7. Santeri Hostikka, 72), 22. Yukka Raytala, 23. Pyuryu Soyri (2. Tuomas Ollila, 59), 24. Georgios Kanellopulos (56. Perparim Hetemay, 90+2), 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka (8. Filip Roqiç, 72).
Ehtiyat oyunçular: 78. Aleks Ramula, 85. Niki Maenpaa, 3. Nikolas Hamalaynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme.
Baş məşqçi: Toni Korkeakunnas.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: