Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Rəqib İtaliya nəhəngi “İnter” olub. Milanda baş tutan görüş “İnter”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal bu matçın 75-ci dəqiqəsində – komandası hesabda 2:1 irəli olan zaman meydana daxil olub. Amma son 10 dəqiqədə 3 qol buraxan “Eqnatiya” yekunda məğlubiyyətə üzülüb.
Qeyd edək ki, Albaniya klubunun heyətində qolları Rafael Dvamena (7) və Fernando Medeyros (66-penalti) vurublar. “İnter”in heyətində isə Nikolo Barella (55), Lautaro Martines (79 və 82-penalti) və Cakomo Stabile (90) fərqləniblər.
Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu yay “Sumqayıt”dan transfer olunub. Onun komandası Albaniya Super Liqasında yeni mövsümə avqustun 19-da “Skenderbeu”ya qarşı keçirəcəyi ev oyunu ilə start verəcək. Azərbaycanlı futbolçu yeni komandasındakı rəsmi debütünü Avropa Konfrans Liqasında edib. Lakin “Eqnatiya” artıq bu turnirdə mübarizəni dayandırıb.


