Azzaui: “Qarabağ” haqda çox eşitmişəm”

“Araz-Naxçıvan”ın Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündəki ilk qolunu belçikalı vinger İsmail Azzaui vurdu.

Arena.az xəbər verir ki, Premyer Liqada ilk qələbəsini 2-ci tura təsadüf edən “Qəbələ” ilə matçda qazanan Naxçıvan təmsilçisinin tarixinə düşən Mərakeş əsilli futbolçu klubun rəsmi saytına açıqlama verib.

O, əvvəlcə matçı dəyərləndirib:

“Çətin oyun oldu. Qələbə qazansaq da, ən yaxşı oyunumuzu keçirdiyimizi deyə bilmərəm. İlk matçda “Turan Tovuz”la qarşılaşdıq. Müqayisə etsək, həmin dueldə də yaxşı çıxış etdik, sadəcə, epizodları düzgün dəyərləndirə bilmədik və yenildik. Həmin qarşılaşmadakı səhvlərimizdən nəticə çıxardıq və “Qəbələ”yə qarşı onları təkrarlamadıq. Vacib məqam epizodları məntiqi sonluğa çatdırmağı bacarmağımızdır. Komanda addım-addım irəliləyir. Kollektivimiz yeni yığışıb. Təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirmədən çempionata başladıq. Həmin vaxt görməli olduğumuz səhvləri, çatışmazlıqları rəsmi oyunlarda görürük. Çətinliklərimiz var, ağır məşqlərlə bunu yoluna qoymağa çalışırıq.

Cari mövsümdə komandamın ilk qolunu vurdum. Buna görə xoşbəxtəm. Bu qolu vurmaq özüm üçün də əhəmiyyətli idi. Çünki yeni ölkəyə, liqaya gəlmişəm. Adaptasiya baxımından vacibdir. Ən əsası, komandamın qələbə qazanması üçün üzərimə düşən işi gördüm. Ümid edirəm ki, bu qolun ardı gələcək.

Növbəti oyunda qarşılaşacağımız “Qarabağ” haqda çox eşitmişəm. Çempionatın ən güclü komandalarından biridir. Xüsusilə də avrokuboklardakı çıxışı ilə fərqlənir. Qarşıda 1 həftə vaxtımız var. Yaxşı hazırlaşacağıq, baş məşqçinin nə istədiyini, bizim meydanda nə edəcəyimizi öyrənəcəyik. Maraqlı oyun olacaq”.

Xatırladaq ki, İsmail Azzaui karyerasının ilk illərində “Anderlext”in (Belçika) U-18, “Tottenhem”in (İngiltərə) U-18 və U-21 komandalarında forma geyinib. Peşəkar karyerasına Almaniyanın “Volfsburq” komandasında başlamış yarımmüdafiəçi “Villem II” (Niderland) klubunun da formasını geyinib. Futbolçu 2020-ci ildən Niderlandın digər təmsilçisi “Herakles”də çıxış edirdi. O, bu komandada 52 oyuna 7 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. 25 yaşlı vinger bu yay sözügedən klubdan azad agent kimi ayrılmışdı. “Araz-Naxçıvan”ın futbolçusu Belçikanın U-15, U-16, U-17 və U-19 yığmalarında da forma geyinib

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: