“Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində HJK ilə səfər matçını canlı izləmək istəyən azarkeşlərinə müraciət ünvanlayıb.
Arena.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün ayrılmış biletlər oyun günü – avqustun 17-də yerli vaxtla 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Bolt Arena”da, 9-cu qapının yaxınlığında satılacaq.
Komandamızın azarkeşləri üçün bütövlükdə 626 ədəd bilet ayrılıb. 113-114-cü sektorlar üçün nəzərdə tutulmuş biletlərin qiyməti 20 avrodur. Klubun yaydığı müraciətdə o qeyd olunub ki, bilet satışını meydan sahibi HJK klubu həyata keçirir.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşdığı Finlandiyanın HJK komandasında Bakıdakı oyunda 2:1 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü avqustun 17-də Helsinki şəhərində keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Xatırladaq ki, “Qarabağ” – HJK cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.
Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.


