Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünə iki quru hesablı qələbə ilə başlayan “Zirə” tarixində ilk dəfə belə uğura imza atıb.
Arena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri ilk turda “Qarabağ”, ardınca “Kəpəz”i eyni – 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Qəsəbə klubu ölkə çempionatları tarixinə startda iki quru hesablı qələbə qazanan 18-ci komanda kimi düşüb. Bu, texniki nəticələr nəzərə alınmamaqla ümumilikdə 29-cu belə startdır.
“Neftçi” hamıdan çox – 5 mövsümdə ilk iki oyunda qol buraxmadan qalib gəlib. “Qarabağ” 4, “Bakı” 3, Sumqayıt “Xəzər”i və “Xəzər Lənkəran” hərəyə 2, digər komandalar isə bir mövsümdə belə uğurlu starta imza atıblar.
Xatırladaq ki, cari mövsümdə daha bir komanda eyni göstəricini təkrarlaya bilər. İlk turda quru hesabla qələbə qazanan “Sabah”ın görüşü təxirə salındığı üçün bakılılar ikinci oyununa 3-cü turda çıxacaq.
“Zirə” 2 turdan sonra Azərbaycan Premyer Liqasında 6 xalla vahid liderdir. Qəsəbə təmsilçisi 3-cü turda “Səbail”in qonağı olacaq. Bu komandaların görüşü avqustun 19-da Bayıldakı “ASCO Arena”da baş tutacaq.


