İtaliyanın “Roma” klubunun və Serbiya yığmasının dayaq yarımmüdafiəçisi Nemanya Matiç Liqa 1 təmsilçisi “Renn”ə keçib.
Arena.az bu barədə Fransa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
“Renn” 35 yaşlı “dayaqçı” üçün “canavarlar”a 2 milyon avro ödəyəcək. Tərəflər arasında 2 illik – müddəti 2025-ci ilin iyun ayının sonuna qədər hesablanmış müqavilə imzalanıb.
Matiç karyerası ərzində “Mançester Yunayted”, “Benfika”, “Çelsi” kimi nəhəng komandalarda çıxış edib. Serbiyalı yarımmüdafiəçi “zadəganlar”la 3 dəfə İngiltərə çempionluğunu qazanıb.
Geridə qalmış 2022/2023 mövsümündə Matiç “Roma”nın heyətində 50 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib. O, “canavarlar”la ötən ilin yayında azad agent kimi müqavilə bağlamışdı.
Matiç 2008-ci ildə debüt etdiyi Serbiya yığmasının heyətində 48 oyuna çıxıb, 2 qol vurub.

“Renn” iki futbolçusu ilə də yollarını ayırıb. Belə ki, Fransa klubu Portuqaliyadan olan dayaq yarımmüdafiəçisi Şeka (Migel Angelo da Silva Roşa) ilə müqaviləni ləğv edib. 28 yaşlı futbolçu komandanı azad agent kimi tərk edib. Onun karyerasını harada davam etdirəcəyi hələ bilinmir. “Lill”, “Sportinq” (Kovilya), “Braqa”, “Dijon” kimi klublarda da oynamış Şeka “Renn”də cəmi 9 oyuna çıxıb.
“Renn”in Norveçdən olan sol cinah vingeri Birger Melinq isə Danimarka təmsilçisi “Kopenhagen”ə keçib. Fransa klubu bu satışdan 2 milyon avro qazanıb. Halbuki, “Renn” onu 2021-ci ildə Nim “Olimpik”indən 3 milyon avroya transfer etmişdi. 28 yaşlı futbolçu bu komandada 73 oyun keçirib, 6 assistlə yadda qalıb. “Rusenborq” və “Stabek”də də oynamış müdafiəçi Norveç yığmasında 37 matça çıxıb.


