“Qarabağ” Helsinkidən zəfərlə dönə biləcək?

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda bu mərhələdə Finlandiya təmsilçisi HJK ilə mübarizə aparır.

Bakıda baş tutan ilk qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsiylə bitib. Bu üzdən Azərbaycan çempionuna mərhələ adlamaq üçün heç-heçə də kifayət edəcək. Lakin təmsilçimiz qələbə qazanmaqla UEFA-ın həm klub, həm də ölkə reytinqinə öz töhfəsini verə bilər.

Bu komandalar arasındakı cavab görüşü bu gün Helsinki şəhərində keçiriləcək. Cavab oyununun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Xatırladaq ki, HJK – “Qarabağ” cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Lyublyana, Sloveniya) ilə qarşılaşacaq.

Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul”la (Rumıniya) görüşlər gözləyir.

“Qarabağ” bu mövsüm Çempionlar Liqasında Cəbəllüttariqin “Linkoln” komandasına səfərdə 2:1, evdə 4:0 qalib gəlsə də, Polşa çempionu “Rakuv”a səfərdə 2:3 uduzub, evdə 1:1 hesablı heç-heçəyə razı olub. HJK isə startda Şimali İrlandiya təmsilçisi “Larne”ni evdə 1:0 yenib, səfərdə 2:2 hesablı heçəyə razılaşıb. Ardından İsveç “Molde”sinə də evdə 1:0 qalib gəlmiş Helsinki təmsilçisi səfərdə 0:2 hesabıyla uduzduğu üçün Çempionlar Liqası ilə vidalaşıb.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
17 avqust

20:00. HJK – “Qarabağ”
Baş hakim: Villi Delayod (Fransa).
Helsinki. “Bolt Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: