“Olimpiya” – “Qarabağ” matçı tanış və düşərli hakimə tapşırıldı

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının pley-offunda Sloveniyanın “Olimpiya” (Lyublyana) komandası ilə mübarizə aparacaq.

Arena.az xəbər verir ki, artıq bu iki komanda arasındakı oyunların hansı stadionlarda keçiriləcəyi və başlama saatları müəyyənləşib.

UEFA-nın rəsmi saytının açıqlamasına görə, tərəflər arasındakı ilk görüş avqustun 24-də Lyublyanadakı “Stojitse” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Komandaların cavab qarşılaşması isə avqustun 31-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həlledici oyun Azərbaycan çempionunun əvvəlki ev oyunlarında olduğu kimi, saat 20:00-da başlayacaq.

Artıq hər iki qarşılaşmanın hakimləri də məlumdur. UEFA Sloveniyadakı oyunu Bolqarıstandan olan hakimlərə tapşırıb. Görüşün baş hakimi Georgi Kabakov olacaq. Ona yan xətt hakimləri Martin Marqaritov və Dilan Valkov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Radoslav Gicenov yerinə yetirəcək.

Yeri gəlmişkən, Georgi Kabakov azərbaycanlı futbolsevərlər üçün tanış hakimdir. O, bir dəfə elə məhz “Qarabağ”ın, bir dəfə də Azərbaycan millisinin oyununu idarə edib. 37 yaşlı referi ilk dəfə UEFA Çempionlar Liqasının 2015/2016 mövsümündə “Qarabağ”ın Monteneqro “Rudar”ı ilə səfər oyununa təyinat alıb. 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutan həmin matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Kabakov sonuncu dəfə Azərbaycan yığmasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı səfər oyununu idarə edib. Həmin matçda isə millimiz 1:2 hesabıyla uduzub.

Azərbaycandakı qarşılaşmada isə İspaniyadan olan hakimlər söz sahibi olacaqlar. Baş hakim Alexandro Hernandes olacaq. Ona Xose Naranxo və Dieqo Sançes Roxo kömək edəcəklər. Dördüncü hakim Alexandro Munyis Ruis olacaq.

Xatırladaq ki, “Qarabağ” Avroliqanın pley-offuna Finlandiyanın HJK komandasını məğlub edərək (həm evdə, həm də səfərdə 2:1) vəsiqə qazanıb. “Olimpiya” isə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” komandasına hər iki oyunda uduzmaqla (evdə 0:3, səfərdə 0:1) Avroliqanın pley-offuna düşüb. Azərbaycan və Sloveniya təmsilçilərinin duelindən qalib ayrılan komanda Avroliqanın, məğlub olan tərəf isə Avropa Konfrans Liqasının qrup mərhələsində oynayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: