Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2023) final mərhələsində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, C qrupunda yer alan yığmamız Almaniyanın Düsseldorf şəhərində reallaşan ilk görüşdə Çexiya millisi ilə üz-üzə gəlib.
Komandamız bu rəqibini asanlıqla məğlubiyyətə uğradıb. Belə ki, Ataman Güneyligilin yetirmələri hər üç setdə rəqibi üstələyiblər – 3:0 (25:21, 25:10, 25:15).
Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.
Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 19-da meydan sahibi Almaniya yığmasına qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Xatırladaq ki, yığmamız Avropa çempionatında bu oyunçularla mübarizə aparır:
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova;
Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko;
Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko;
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil.
Avropa çempionatı sentyabrın 3-nə qədər davam edəcək. Qitə birinciliyinə Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Azərbaycan yığması AÇ-2023-də Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparır.


