Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda qadınlar arasındakı mübarizəyə yekun vurulub. Arena.az xəbər verir ki, FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina turnirin qalibi olub.
Rusiyalı idmançı finalda bolqarıstanlı Nurgül Salimovanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ukraynalı Anna Muziçuk isə üçüncü yeri tutub.
Mübarizə yekunlaşdıqdan sonra qadınlar arasında Dünya Kubokunun bağlanış mərasimi keçirilib. Yarışda ilk üç yeri tutan qrosmeysterlər mükafatlandırılıblar.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, FIDE prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov iştirak ediblər.
Mərasim Azərbaycan Dövlət Himni və FIDE-nin rəsmi himninin səsləndirilməsi ilə başlayıb. Ardından çıxış edən Mahir Məmmədov Dünya Kubokuna ev sahibliyi etdikləri üçün qürur hissi keçirdiyini bildirib. Daha sonra çıxış edən Arkadi Dvorkoviç Gənclər və İdman Nazirliyi və yerli federasiya ilə birlikdə möhtəşəm turnir keçirdiklərini söyləyib.
Sonda qaliblər mükafatlarını alıblar. Aleksandra Qoryaçkina qızıl medal və Dünya Kubokuna yiyələnib. Bolqarıstanlı Nurgül Salimova gümüş, ukraynalı Anna Muziçuk isə bürünc medal qazanıblar. Onlara mükafatları Fərid Qayıbov, Arkadi Dvorkoviç və Mahir Məmmədov təqdim ediblər.
Xatırladaq ki, Dünya Kubokunda kişilər arasında mübarizəyə avqustun 24-də yekun vurulacaq.


