Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Sloveniya çempionuna qarşı ilk matçını səfərdə keçirib.
UEFA Çempionlar Liqası ilə vidalaşmış çempion rəqiblərin ilk görüşü Sloveniyanın paytaxtı Lyublyanada baş tutub. Ağdam klubu 16 min azarkeş tutumuna malik “Stojitse” stadionundakı ilk oyundan sərfəli nəticə ilə qayıtmağa çalışıb. Azərbaycan təmsilçisi meydanı inamlı qələbə ilə tərk edib.
Xatırladaq ki, “köhlən atlar” daha əvvəl də avrokuboklarda bu komanda ilə üz-üzə gəlib. Ağdamlılar 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Lyublyana təmsilçisini iki matçın nəticəsinə əsasən üstələyib – 1:0, 0:0.
Cari avrokubok mövsümünə UEFA Çempionlar Liqasında başlamış “Olimpiya” Latviya “Valmiera”sı və Bolqarıstan “Ludoqorets”ini məğlub etsə də, 3-cü təsnifat mərhələsində Türkiyə təmsilçisi “Qalatasaray”a yenilib. Azərbaycan çempionu isə Çempionlar Liqasının ilk təsnifat mərhələsində Cəbəllüttariq “Linkoln”una qalib gəlsə də, Polşa “Rakuv”unu keçə bilməmişdi. Azərbaycan təmsilçisi Avroliqanın 3-cü təsnifat mərhələsində də Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Azərbaycan və Sloveniya çempionları arasında cavab matçı avqustun 31-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.
Avropa Liqası
Pley-offun ilk oyunu
24 avqust
“Olimpiya” – “Qarabağ” 0:2
Qollar: Kevin Medina, 32. Leandro Andrade, 44.
Qırmızı vərəqə: David Sualehe.
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Lyublyana. “Stojitse” stadionu.
Olimpiya: 69. Matevj Vidovşek, 2. Jorj Silva (8. Yustas Lasiçkas, 85), 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik (k), 19. Svit Seşlar (20. Nemanya Motika, 72), 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida (22. Denis Pintol, 59), 37. Pedro Lukas (9. Mustafa Nukiç, 72).
Ehtiyat oyunçular: 31. Jan Mauritsio, 6. Mateo Karamatik, 15. Marko Ristiç, 23. Dioqo Pinto, 33. Nemanya Qavriç, 43. Aylaj Krefl, 77. Aldin Yakupoviç.
Baş məşqçi: Joao Enrikes.
Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev (5. Maksim Medvedev, 89), 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov (11. Adama Diakabi, 84), 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya (2. Mateus Silva, 75), 15. Leandro Andrade (18. Juninyo, 75), 10. Abdullah Zubir (k), 19. Redon Cica (18. Hamidu Keyta, 84).
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Andrey Lunyov, 4. Rahil Məmmədov, 20. Riçard Almeyda, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.


