“Qarabağ”ın Lyublyana zəfəri Azərbaycana xal qazandırdı

“Qarabağ” bu gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində Azərbaycana UEFA reytinqində növbəti dəfə xal qazandırıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşdığı Sloveniyanın “Olimpiya” (Lyublyana) komandasını səfərdə 2:0 hesabıyla məğlub edib.

Ağdam təmsilçisi bu qələbə nəticəsində ölkə reytinqinə növbəti 0,250 xalı yazdırıb.

Hazırda Azərbaycanın cari mövsümdəki qazancı 2,500 baldır. Bunun yarısından çoxunu – 1,375 balını “Qarabağ” qazanıb. Avrokuboklarda mübarizəni daha öncə dayandırmış təmsilçilərimizdən “Sabah” reytinqə 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib. “Qəbələ” bu baxımdan ümumiyyətlə ümidləri doğrulda bilməyib.

Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə yenə 29-cu pillədə qərarlaşıb. Bir addım irəlidə olan Slovakiya 16,750 reytinq xalına malikdir. Azərbaycanı isə Moldova (12,625) izləyir.

Ötən gecə baş tutan qarşılaşmalar İsrail, Danimarka, Rumıniya, Kosovo, Qazaxıstan və İslandiyanın irəliləməsinə şərait yaradıb. Ukrayna, İsveç, Kipr, Ermənistan, Latviya, Şimali İrlandiya və Bosniya və Herseqovina isə geriləyiblər.

Reytinq cədvəlinə İngiltərə (89,053) başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (69,624) dördüncü, Fransa (52,247) isə altıncıdır. Fransızlar Niderlandı (54,000) özlərindən önə buraxıblar. Türkiyə isə 30,850 balla 10-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: