Maqnus Karlsen üçün müzakirə olunmayan yeganə məqam

Norveçli qrosmeyster Maqnus Karlsen karyerasında ilk dəfə Dünya Kubokunu qazandıqdan sonra növbəti iddiası ilə bağlı açıqlama verib.

Arena.az “Chess24” portalına istinadən məlumat verir ki, Karlsen dünya çempionu adı uğrunda yenidən oynamağa hazır olduğu şərtləri açıqlayıb.

Xatırladaq ki, 2023-cü ilin əvvəlində 16-cı dünya çempionu Maqnus Karlsen dünya çempionu titulunu qorumaqdan imtina etdi. Bu üzdən şahmat tacına iddiaçıların final görüşündə rus qrossmeyster Yan Nepomnyaşini məğlub etmiş çinli qrossmeyster Dinq Liren dünya şahmat tacının yeni sahibi oldu. Karlsen 10 il dünya çempionu olub və titulunu dörd dəfə uğurla müdafiə edib.

“Əgər nə vaxtsa dünya çempionu olmaq üçün bir görüşdə oynamalı olsam, mənim üçün müzakirə olunmayan yeganə məqam odur ki, partiyaların sayı daha çox və vaxta nəzarət daha qısa olmalıdır. Düşünürəm ki, gündə iki partiya çox maraqlıdır. Mənim klassik vaxta nəzarətlə oyunda iştirakım sadəcə mümkün deyil”, deyə Karlsen bildirib.

Maqnus Karlsen 2023-cü il şahmat üzrə Dünya Kubokunun finalındakı qələbəsini də şərh edib:

“Bu il böyük turnirlərlə bağlı planlarım yox idi. Mən ən son anda qeydiyyatdan keçdim. Bəlkə də bu, Norveçdəki turnirdən sonra duyğusal qərar idi. Klassik şahmatı çox pis oynayırdım və bu xoşagəlməz hissin məndə qalmasını istəmirdim. Finalda bir qələbə kifayət etdi. İndi hər şey arxada qaldığından, azca dincələ bilərəm”, deyə Karlsen bildirib.

Xatırladaq ki, ölkəmizin paytaxtı Bakıda keçirilmiş şahmat üzrə Dünya Kubokunun final görüşündə Karlsen hind qrosmeyster Rameşbabu Praqnanandha ilə qarşılaşıb. Final görüşünün hər iki klassik şahmat partiyası heç-heçə başa çatıb, Karlsen Praqnanandhanı yalnız tay-brekdə məğlub etməyi bacarıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: