Dünya çempionatı: Azərbaycan millisi Zaqrebdə 2-ci oldu!

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yeniyetmə cüdoçular arasında təşkil olunmuş dünya çempionatı bu gün başa çatıb.

Arena.az xəbər verir ki, Azərbaycan millisi komanda yarışına 1/8 finaldan başlayıb.

Yığmamızın ilk rəqibi Yunanıstan komandası olub. Millimiz bu rəqibinə 4:1 hesabıyla qalib gəlib.

Azərbaycan komandası növbəti mərhələdə (1/4 final) Qazaxıstan yığmasıyla qarşılaşıb və bu görüşdən də 4:2 hesablı qələbəylə ayrılıb.

Yarımfinalda isə rəqib Türkiyə seçməsi olub. Millimiz bu rəqibini də məğlub edib (4:3) və finala yüksəlib.

Komandamız qızıl medal uğrunda görüşdə Fransa kollektivi ilə üz-üzə gəlib. Həlledici görüşdə 1:4 hesabıyla məğlub olan Azərbaycan millisi dünya ikincisi olub. Türkiyə və Yaponiya yığmaları isə bürünc medala sahib olublar.

Qeyd edək ki, çempionatının komanda yarışlarında 17 ölkə medallar uğrunda mübarizə aparıb. Azərbaycan yarışlarda 10 idmançı ilə təmsil olunub.

Xatırladaq ki, Zaqrebdəki dünya çempionatı avqustun 23-də start götürmüşdü. İlk üç gündə baş tutan fərdi yarışlar da Azərbaycan yığması üçün uğurlu alınıb. Belə ki, Azərbaycan seçməsi fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Komandamızın heyətində Nihad Məmişov (50 kq) və Xədicə Qədəşova (52 kq) dünya çempionu olublar. Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş medal qazanıblar. Mirxaliq İsgəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: