Məşhur britaniyalı boksçu Derek Çisora boksda hakimlərə video yardım (VAR) sistemini tətbiq etməyi təklif edib.
Arena.az xəbər verir ki, Çisora bu barədə “Boxing King Media” “YouTube” kanalına müsahibəsində danışıb.
Çisora bu təklifini həmyerlisi, boksçu Daniel Dyubuanın ukraynalı boksçu Aleksandr Usiklə döyüşündən sonra bəyan edib.
Xatırladaq ki, Usik döyüşün 9-cu raundunda hakimlərin texniki nokaut qərarı ilə qalib gəlib. Döyüşün 5-ci raundunda isə Dyubua ukraynalı boksçunun kəmər sahəsinə – qurşağına zərbə endirib və bundan sonra Usik kətana sərilərək bir neçə dəqiqə özünə gəlib nəfəsini dərməyə məcbur olub. Hakim Dyubuanın zərbəsini qeyri-qanuni hesab edib, Dyubuanın komandası və boksçunun özü isə zərbənin qaydalar çərçivəsində endirildiyini israr ediblər.
Çisora bu məqamda VAR-ın tətbiqini düzgün həll bilir: “Bizə VAR lazımdır”, deyə qısaca vurğulayıb.
Bundan əlavə, Çisora idmanda yolverilməz olan incə bir məsələyə də toxunub ki, bu həssas məqam sözlərin sahibinə başağrısı yarada biləcək qədər ehtiyat tələb edir:
“Əvvəlcə onu qeyd edək ki, qaradərili oğlan ağlar ölkəsində döyüşürdü və onun ətrafında ağların izdihamı vardı. Hakim ağ, münsiflər ağ. Başqa nə gözləmək olardı ki? Usiki nokauta göndərsəydi belə, heç bir zəmanəti yox idi”, deyə Derek Çisora bildirib.


