Aleksis Salemakers “Milan”ı tərk etdi – “Bolonya”ya görə

Futbol üzrə Belçika yığmasının və “Milan”ın sağ cinah vingeri Aleksis Salemakers bundan sonra “Bolonya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, sözügedən klub 24 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Aleksis Salemakers 2020-ci ilin yanvarından formasını geyindiyi “Milan”da 140 oyun keçirib, 10 qol və 14 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Anderlext”də oynamış futbolçu Belçika millisində də 11 oyuna 1 qol vurub.

“Milan” gənc hücumçusu Marko Lazetiçi də “Fortuna Sittard”a icarəyə verib. 19 yaşlı forvard da mövsümün sonuna kimi icarədə olacaq. Serbiyalı futbolçu “Milan”ın əsas komandasında cəmi 2 oyun keçirib.

Salemakersi heyətinə qatan “Bolonya” daha iki futbolçu transfer edib. A Seriyası təmsilçisi “Alkmar”dan Yesper Karlssonu, “Bazel”dən isə Dan Ndoyenu heyətinə qatıb. Transferinə 11 milyon avro xərclənmiş Karlssonla 5 illik müqavilə imzalanıb. 9 milyon avroya transfer olunmuş Ndoye isə 4+1 illik müqaviləyə imza atıb.

Dan Ndoye 2021-ci ildən formasını geyindiyi “Bazel”də 97 oyuna 12 qol vurub, 15 assist edib. 22 yaşlı isveçrəli futbolçu “Lozanna Sport”, “Nitsa” kimi klublarda da forma geyinib. O, İsveçrə millisində də 1 matça çıxıb.

İsveçli Yesper Karlsson isə 2020-ci ildən formasını geyindiyi “Alkmar”da 124 oyuna 46 qol vurub, 33 assist edib. O, “Elsfborq”, “Falkenberq” kimi klubların da uğurları üçün çalışıb. 25 yaşlı futbolçu İsveç yığmasında 11 oyuna 3 qol vurub.

“Bolonya” dörd futbolçusu ilə də yollarını ayırıb. Niderlandlı yarımmüdafiəçi Yerdu Sxauten PSV-yə keçib. İtaliya klubu 26 yaşlı futbolçunun satışından 12 milyon avro qazanıb. “Den Haq”, “Telstar”, “Ekselsior” kimi klublarda da oynamış Sxauten “Bolonya”da 109 oyuna 2 qol və 6 assistlə yadda qalıb.

“Bolonya” sol cinah vingeri Canmarko Kancanonu (21 yaş) “Peskara”ya, hücumçusu Antonio Raymondo (19 yaş) ilə mərkəz yarımmüdafiəçisi Niklas Pyuyuhtiyanı (19 yaş) da “Ternana”ya icarəyə verib. Onların hamısı bu mövsümün sonuna kimi icarədə olacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: