“Qarabağ” “Olimpiya” ilə həlledici oyuna çıxır

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Lyublyana, Sloveniya) ilə cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektivin bu rəqiblə həlledici oyunu Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası ilə vidalaşmış çempion rəqiblərin ilk görüşü Sloveniyanın paytaxtı Lyublyanada baş tutmuş və Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu üzdən Azərbaycan çempionuna mərhələ adlamaq üçün nəinki heç-heçə, hətta minimal fərqlə uduzmaq da bəs edəcək. Amma güman ki, Qurbanovun yetirmələri həm klub, həm də ölkə reytinqinə faydalı olmağa, qələbə qazanmağa çalışacaqlar.

Xatırladaq ki, “köhlən atlar” daha əvvəl də avrokuboklarda bu komanda ilə üz-üzə gəlib. Ağdamlılar 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Lyublyana təmsilçisini iki matçın nəticəsinə əsasən üstələyib – 1:0, 0:0.

Azərbaycan komandalarından artıq fəaliyyətini dayandırmış “Şəfa” da “Olimpiya” ilə qarşılaşıb. 2001/2002 mövsümündə UEFA Kubokunda (indiki Avropa Liqası) Sloveniya klubu hər iki oyunda darmadağınla qələbə qazanıb – 4:0, 3:0.

Cari avrokubok mövsümünə UEFA Çempionlar Liqasında başlamış “Olimpiya” Latviya “Valmiera”sı və Bolqarıstan “Ludoqorets”ini məğlub etsə də, 3-cü təsnifat mərhələsində Türkiyə təmsilçisi “Qalatasaray”a yenilib. Azərbaycan çempionu isə Çempionlar Liqasının ilk təsnifat mərhələsində Cəbəllüttariq “Linkoln”una qalib gəlsə də, Polşa “Rakuv”unu keçə bilməmişdi. Azərbaycan təmsilçisi Avroliqanın 3-cü təsnifat mərhələsində də Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdırıb.

Avropa Liqası
Pley-offun cavab oyunu
31 avqust

20:00. “Qarabağ” – “Olimpiya”
Baş hakim: Alexandre Hernandes (İspaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: