Finlandiya Boks Federasiyası Beynəlxalq Boks Assosiasiyasını (IBA) tərk edərək yeni rəqib təşkilat “World Boxing”-ə qoşulmaq niyyətindədir.
Arena.az bu barədə Finlandiyanın milli-ictimai yayım şirkəti YLE-yə istinadən məlumat verir.
Finlandiya Boks Federasiyasının icraçı direktoru Marko Layne bu qərarın səbəblərini açıqlayarkən “IBA-in Rusiya ilə güclü əlaqələri”nə toxunub.
“Beynəlxalq Olimpiya Komitəsi (IOC) artıq IBA-in tanınmasını geri götürüb və Olimpiya Oyunlarına təsnifat turnirləri BOK tərəfindən təşkil edilən tədbirlərdir. Bu hadisələrə ruslar, belaruslar cəlb edilməməlidir. Biz Olimpiya Oyunlarında iştirakımızı davam etdirmək istəyirik və inanırıq ki, “World Boxing” iştirakı mümkün edəcək”, deyə Layne ümidvar olduğunu ifadə edib.
IBA öz növbəsində bildirib ki, bu günə qədər Finlandiya Boks Federasiyasından təşkilatdan çıxmaqla bağlı müraciət daxil olmayıb.


