“Qarabağ”ın “Olimpiya” ilə heç-heçəsi də xal qazandırdı

“Qarabağ” bu gecə avrokubok matçında əldə etdiyi uğurlu nəticə sayəsində Azərbaycana UEFA reytinqində növbəti dəfə xal qazandırıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşdığı Sloveniyanın “Olimpiya” (Lyublyana) komandası ilə doğma meydanda heç-heçə oynayıb – 1:1.

Səfərdə baş tutan ilk oyunda da 2:0 hesablı qələbəyə sevinmiş təmsilçimiz bu uğuru sayəsində Avropa Liqasının qrupuna vəsiqə əldə edib. Ağdam təmsilçisi bu heç-heçə nəticəsində ölkə reytinqinə də 0,125 xal qazandırıb.

Hazırda Azərbaycanın cari mövsümdəki qazancı 2,625 baldır. Bunun yarısından çoxunu – 1,500 balını “Qarabağ” qazanıb. Avrokuboklarda mübarizəni daha öncə dayandırmış təmsilçilərimizdən “Sabah” reytinqə 0,750, “Neftçi” isə 0,375 ballıq töhfə verib. “Qəbələ” bu baxımdan ümumiyyətlə ümidləri doğrulda bilməyib.

Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,875-ə çatan Azərbaycan reytinqdə yenə 29-cu pillədə qərarlaşıb. Bir addım irəlidə olan Slovakiya 17,375 reytinq xalına malikdir. Azərbaycanı isə Moldova (12,875) izləyir.

Bu gecə baş tutan qarşılaşmalar Türkiyə, Danimarka, İsveç, Qazaxıstan, Bosniya və Herseqovinanın irəliləməsinə şərait yaradıb. Şotlandiya, Norveç, İsrail, Rumıniya, Ermənistan, Şimali İrlandiya isə geriləyiblər.

Reytinq cədvəlinə İngiltərə (89,178) başçılıq edir. İspaniya (75,989) ikinci, İtaliya (71.712) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (69,767) dördüncü, Fransa (52,331) isə altıncıdır. Fransızlar Niderlandı (55,100) özlərindən önə buraxıblar. Türkiyə isə 32,850 balla 9-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər. Qrup mərhələsində isə hər qələbə 0,500, heç-heçə 0,250 balla mükafatlandırılır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: