Sloveniya yığma komandasının və Milan “İnter”inin sabiq qapıçısı Samir Handanoviç futbolçu karyerasını bitirməyə hazırlaşır.
Arena.az bu barədə jurnalist Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, sloven qapıçı tezliklə “İnter”də rəhbər vəzifə alacaq.
39 yaşlı Handanoviç ötən yay müqaviləsi başa çatdıqdan sonra “İnter”dən ayrılıb. Tərəflər əməkdaşlığı yeniləməmək qərarına gəliblər.
Sloven qapıçı “neradzurri”nin keçmiş kapitanıdır. Handanoviç İtaliya nəhənginin sıralarına “Udineze”dən, 15 milyon avro qarşılığında keçib və 11 il müddətində – 2012-ci ilin yayından komandadan ayrılana qədər “İnter”in qapısını qoruyub.
“İnter” karyerası ərzində Handanoviç 455 oyun keçirib, 471 qol “yeyib”, 166 oyundan “quru” çıxıb. Sloven qapıçı “neradzurri” ilə İtaliya A Seriyasını (2020/2021), 2 dəfə İtaliya Kubokunu (2021/2022, 2022/2023) və 3 dəfə İtaliya Super Kubokunu (2021/2022, 2022/2023) qazanıb.
Handanoviç “Udineze” və “İnter”dən başqa “Rimini”, “Domjale”, “Treviso” və “Latsio” kimi klublarda da forma geyinib.
Samir Handanoviç 2004-cü ilin noyabr ayında debüt etdiyi Sloveniya yığmasının heyətində 81 oyuna çıxıb. O, bu oyunlarda 85 qol buraxıb, 29 oyunda qapısının toxunulmazlığını təmin edib. Handanoviç 3 dəfə (2009, 2011, 2012) ölkəsində ilin futbolçusu seçilib.
Hazırda 39 yaşlı veteran qapıçı Samir Handanoviç azad agentdir. O, “Transfermarkt” internet-portalına görə 500 min avro məbləğində qiymətləndirilir.


