Tauri Meji və Ana-Maria Berdila “Azərreyl”də!

Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu heyətini iki yeni legionerlə – Tauri Meji və Ana-Maria Berdila ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

ABŞ-dan olan blokçu Tauri Meji yeni klubu ilə 1 mövsümlük müqavilə imzalayıb. 186 sm boya malik voleybolçu ABŞ-ın “Texas Universiteti”ndən transfer olunub. Meji karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.

Rumıniya millisinin hücumçusu Ana-Maria Berdila ilə də 1 illik müqavilə imzalanıb. 177 sm boya malik 30 yaşlı oyunçu 2023/2024 mövsümünün sonuna kimi “Azərreyl”in uğurları üçün çalışacaq. Berdila da karyerasında ilk dəfə ölkə xaricində oynayacaq. O, buna qədər ölkəsinin “Qalati”, “Pensilina İaşi”, “Alba-Blaj” və “Ştiinta” komandalarında forma geyinib. “Azərreyl”in yeni transferi 3 dəfə Rumıniya çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb.

Xatırladaq ki, “Azərreyl”daha öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiçlə müqavilə bağlamışdı. Türkiyəli təcrübəli mütəxəssis Cengiz Akarçeşme isə komandanın “sükanı arxasına” gətirilib.

“Azərreyl” bu mövsüm Çağırış Kubokunda Ukraynanın “Balta” kollektivi ilə üz-üzə gələcək. 1/32 final çərçivəsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: