İspaniya çempionu “Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubu ilə müqaviləsinin müddətinin uzadılmasına dair razılığa gəlib.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
43 yaşlı mütəxəssisin İspaniya klubu ilə yeni müqaviləsi 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda bitəcəkdi.
Xatırladaq ki, Xavi 2021-ci ildən “Barselona”nı çalışdırır. Bu müddətdə ispan məşqçi Kataloniya təmsilçisini dirçəldərək rəqabətəqadir kollektiv təşkil edə bilib. O, geridə qalmış 2022/2023 mövsümündə İspaniya La Liqasını və həlledici oyunda kataloniyalıların əzəli rəqibi “Real”ı 3:1 hesabı ilə məğlub edərək, İspaniya Super Kubokunu qazanıb.
Bu mövsüm isə “Barselona” 5 turdan sonra 13 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Eyni miqdarda xal toplamış “Jirona” isə 3-cü pillədədir. “Blauqrana” 4 qələbə, 1 heç-heçə yaşayıb, topların fərqi isə 13:4-dür. La Liqada 15 xalla “Real” liderlik edir.
“Barselona” Xavinin rəhbərliyi altında bütövlükdə 96 oyuna keçirib. Kataloniyalılar bu görüşlərdə 61 qələbə qazanıblar, 16 heç-heçə edib, 19 görüşdə məğlub olublar.



