Kiprin Limasol şəhərində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib və gündəlikdə nəzərdə tutulmuş məsələlərə dair qərarlar qəbul edilib.
Arena.az məlumat verir ki, gündəlikdə müzakirə edilən vacib məsələlərdən biri Rusiya ilə bağlı olub.
İcraiyyə Komitəsi vurğulayıb ki, Rusiyanın beynəlxalq turnirlərə qaytarılması təklifi yalnız yeniyetmələr komandalarına aiddir. Rusiya Federasiyasının böyüklər səviyyəsində klubları və milli komandaları, Rusiyanın Ukraynadakı yolverilməz hərbi münaqişəni bitirməsinə qədər diskvalifikasiyayada qalacaqlar.
“Bütün digər Rusiya komandalarının (klublar və milli komandalar) diskvalifikasiyası Ukraynadakı münaqişə bitənə qədər qüvvədə qalacaq”, – qitə futbol qurumunun rəsmi saytında bildirilir.
Xatırladaq ki, hazırda Rusiyanın Ukraynada apardığı yolverilməz hərbi əməliyyatlar səbəbindən bütün Rusiya klubları və yığma komandaları FIFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılıblar. Oxşar vəziyyət digər idman növlərində, xüsusən də komanda idman növlərində müşahidə edilir.
İcraiyyə Komitəsinin rusiyalı yeniyetmələrin beynəlxalq turnirlərə buraxılması ilə bağlı qərarı “uşaqların böyüklərin törətdiyi əməllərə görə məsuliyyət daşımaması” ilə izah edilir.
Qitə futbol qurumunun İcraiyyə Komitəsinin növbəti iclası oktyabrın 10-da İsveçrənin Nyon şəhərində keçiriləcək. Qarşıdakı iclas zamanı gündəlikdəki əsas məsələ AÇ-2028 və AÇ-2032 turnirlərinin ev sahiblərini müəyyənləşdirmək olacaq.


