Azərbaycan cüdoçusu Vüqar Talıbov Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, 20 yaşlı idmançı 90 kq çəki dərəcəsində mundialı ikinci pillədə başa vurub.
1/16 finaldan mübarizəyə qoşulan Vüqar Talıbov finala qədər bütün rəqiblərini üstələsə də, həlledici görüşdə yaponiyalı Komei Kavabataya məğlub olub.
Bu çəki dərəcəsindəki digər təmsilçimiz İsmayıl Zamanov 1/8 finalda çıxışını dayandırmaq məcburiyyətində qalıb.
Bu gün tatamiyə çıxan digər cüdoçumuz – Ömər Rəcəbli isə 81 kq-da bürünc medal qazanmaq şansını son anda əldən verib. O, təsəlliverici dueldən üstün ayrılsa da, bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Naoto İzavaya uduzub.
Xatırladaq ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal əldə ediblər.
Onu da qeyd edək ki, Odivelasdakı dünya çempionatı oktyabrın 8-də başa çatacaq. Ayın 7-nə qədər dünya çempionatının fərdi yarışları, 8 oktyabrda isə komanda yarışları keçiriləcək.
Azərbaycan mundialda 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunur. Dünya çempionatında cüdoçulara gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edirlər. Yarışda ACF-nin A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alır.


