Markus Türam: “O qoldan sonra səs-küy və duyğular inanılmaz idi”

“İnter”in fransalı hücumçusu Markus Türam İtaliya nəhənginin heyətində keçirdiyi ilk aylarına qiymət verərək, yekun baxışlarını paylaşıb.

Arena.az “L’Equipe” dərgisinə istinadən Türamın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bir çox klublarla danışdım, bu asan seçim deyildi. Bunun karyeramı müəyyən edəcəyini bilirdim, düzgün qərar verdiyimi bilirəm.
İtaliya mənə işimdə konkret olmağı öyrədir. “İnter”i seçməyimin səbəblərindən biri də budur. Bu, mənə mərkəzi rol almağa kömək edəcək. Bu, mənə başqa şeylər də gətirir. İtaliyada məndən topu saxlamağı, onu yarımmüdafiəçilərə ötürməyi və əraziləri hücumda saxlamağı tələb etdilər. Bu, çox şeyin qarışığıdır. Yeni oyun üsullarını öyrənməli oldum.

Lautaro Martines dünyanın ən yaxşı hücumçularından biridir. O, çox texnikalı oyunçudur və komanda yoldaşları ilə necə əlaqə qurmağı bilir. Sevdiyim şey onun son toxunuş keyfiyyəti və sakitliyidir. Onunla oynamaqdan şadam. Aleksis Sançesin yanında oynamaq da ilhamlandırır. Heç vaxt təslim olmur. Həmçinin Marko Arnautoviçin necə hərəkət etdiyi ilhamlandırır. Bu, mənim tərəqqimi davam etdirmək üçün mükəmməl klubdur, amma üzərində işləməli olduğum çox şey var.

“İnter” məni iki il əvvəl, hələ cinah yarımmüdafiəçisi kimi oynayanda çağırmışdı. Halbuki onlar məni artıq “doqquz” kimi görürdülər. Çox adamın belə bir baxışı yox idi, amma mənim inkişafım haqqında çox dəqiq təsəvvürləri vardı. Bu seçimi niyə etdiyimi bilirəm. Futbolu bilən hər kəs “İnter”in nə təcəssüm etdirdiyini bilir və bu klubda hansı böyük oyunçuların olub-keçdiyini başa düşür.

Bu köynəyi geyinəndə özümüzü tarixin daşıyıcıları hiss edirik. İnanılmaz həvəs var. Küçədə adamlarla rastlaşanda hamı növbəti oyundan danışır. Derbiyə baxın. Mənim qolumdan sonra səs-küy və duyğular inanılmaz idi. “İnter” Avropanın ən böyük klublarından biridir. Mən keçən il Çempionlar Liqasının finalına yüksəlmiş sabit, yaxşı çalışan komandaya qoşuldum. Burada əla oyunçular var, mənim seçimim bütün bunlarla bağlı idi”, deyə Türam “İnter” haqda heyranlıqla söhbət açıb.

Dünya çempionunun oğlu, futbolçu qardaşı

Xatırladaq ki, Türam cari ilin yay transfer pəncərəsində Mönhenlqadbah “Borussiya”sından azad agent qismində “İnter”ə keçib. Türamın “İnter”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Türam “neradzurri”nin heyətində 10 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

Türam 2020-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 12 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Markus “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

“Transferemarkt” intermet-portalı 26 yaşlı Markus Türamı 40 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Markus Türam Fransa yığmasnın heyətində DÇ-98-in qalibi olmuş Lilian Türamın oğlu və “Nitsa”nın yarımmüdafiəçisi Xefren Türamın böyük qardaşıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: