Premyer Liqa: 23 ayın rekordu və “Səbail”in yubiley qolu

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu turunda son 23 ayın rekordu qeydə alınıb.

Arena.az xəbər verir ki, üç gün ərzində keçirilən 5 oyunda 19 top vurulub.

“Səbail” – “Neftçi” (2:4) matçında 6, “Qəbələ” – “Araz-Naxçıvan” (1:4) görüşündə 5, “Turan Tovuz” – “Qarabağ” (2:2) və “Sabah” – “Sumqayıt” (3:1) qarşılaşmalarının hərəsində 4 qol qeydə alınıb. Yalnız “Kəpəz” – “Zirə” oyunu qolsuz bitib – 0:0.

Bir turda 19 qolun vurulması təkcə mövsümün deyil, 10 komandanın mübarizə apardığı son iki çempionatın mütləq rekordudur. Orta məhsuldarlıq 3,80-ə bərabər olub.

Ölkə çempionatları tarixində daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021-ci ilin noyabrında təsadüf olunub. 2021/22 mövsümünün 10-cu turunda keçirilən 4 matçda 17 qol vurulub. Həmin vaxt məhsuldarlıq 4,25-ə bərabər olub.

Noyabrın 6-7-də keçirilən turda “Sabah” – “Zirə” (3:3), “Şamaxı” – “Neftçi” (3:2), “Səbail” – “Qəbələ” (0:2) və “Sumqayıt” – “Qarabağ” (0:4) görüşləri keçirilib.

Qeyd edək ki, bunadək cari mövsümün rekordu 15 qolun vurulduğu 1-ci turda qeydə alınmışdı.

Yeri gəlmişkən, “Səbail” Azərbaycan çempionatlarında 150-ci qolunu vurub. Bakı klubunun yubileyi Azərbaycan Premyer Liqasının 10-cu turunun “Neftçi” ilə oyununda qeydə alınıb.

Bu topa Aleksandr Ramalinqom imza atıb. O, 2:4 hesabı ilə bitən görüşdə komandasının ikinci qolunun müəllifi olub.

“Səbail” “150”yə 178-ci matçda çatıb. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 0,84-dür.

Bakı klubu ölkə çempionatları tarixinə 150 və daha çox qol vuran 24-cü komanda kimi düşüb. “Səbail” ilk dəfə 2017-ci il avqustun 13-də fərqlənib. “Zirə” ilə səfər görüşünün (1:2) 43-cü dəqiqəsində Vüqar Nadirov rəqib qapısına yol tapıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: