Cud Bellingem ÇL-də Kristian Karambönün rekordunu təkrarladı

“Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingem Çempionlar Liqasının 2023/2024 mövsümünün ilk üç oyununun hər birində qol vurub.

Arena.az məlumat verir ki, Bellingem “kral klubu”nun tarixində bunu bacarmış ikinci futbolçu olub.

Dünən, oktyabrın 24-də Karlo Ançelottinin yetirmələri Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə “Braqa”nı 2:1 hesabı ilə məğlub ediblər. Qələbə qolunu 61-ci dəqiqədə rəqib qapısından məhz Bellingem keçirib.

Beləliklə, Çempionlar Liqasının cari mövsümündə Cud ilk üç tur oyununun hər birində qol vumaqla, “Real”ın sabiq, fransalı yarımmüdafiəçisi Kristian Karambönün nailiyyətini təkrarlayıb. Karambö 1998-ci ildə Çempionalar Liqasının ilk üç tur oyununun hər birində qol vurmaqla, “Real”ın müvafiq uğura nail olmuş ilk futbolçusu kimi adını tarixə yazmışdı.

Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 12 oyunda 11 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: