Əbu-Dabidəki “Böyük Dəbilqə”də cəmi 2 bürünc medal

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təşkil olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın daha dörd cüdoçusu medallar uğrunda mübarizə aparıb.

Kişilər arasında Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi -90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medallar uğrunda mübarizə aparıblar. Amma onlar mübarizəni erkən dayandırıblar və yarışı medalsız başa vurublar.

Bununla da Azərbaycan komandası Əbu-Dabidəki “Böyük Dəbilqə” turnirini cəmi 2 medalla başa vurub. Daha əvvəl Leyla Əliyeva (48 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal əldə etmişdilər.

Xatırladaq ki, Azərbaycan yığması Birləşmiş Ərəb Əmirliklərindəki turnirə 14 cüdoçu ilə yollanmışdı.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan cüdoçuları ilk dəfə 28-29 okytabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək dünya kata çempionatında iştirak edəcək.

35 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız çempionatda 28 oktyabrda böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.

Nage-no-Kata

Malik Alahverdiyev – tori (hücum edən idmançı)

Samir İsmayılov – uke (hücum edilən idmançı)

İsmayıl Rzayev – tori

İbrahim Aslanov – uke

Katame-no-Kata

Rafiq Nəcəfov – tori

Əmrah Əhmədov – uke

Xəbəri sosial şəbəkələrdə paylaş: