Vinisius Junior “Sokrates mükafatı”nı qazanmasından danışdı

“Real”ın braziliyalı hücumçusu Vinisius Junior humanitar fəaliyyətinə görə “Sokrates mükafatı”na layiq görülməsini şərh edib.

Arena.az məlumat verir ki, Vinisius bu barədə özünün sosial şəbəkə hesabı üzərindən yazı dərc edib:

“Təhsil azadedici və dəyişdiricidir. 19 yaşım olandan cəmiyyətə təsir etmək üçün ona sərmayə qoymağa qərar verdim.

23 yaşımda “Sokrates mükafatı”nı aldım, bu xüsusda dünyanın ən böyük qürurunu hiss edirəm. Vinisius İnstitutu ilə işimiz yeni başlayır. Ümidvaram ki, daha ədalətli dünya uğrunda mübarizəmi xatırladan kuboklar toplamaq üçün daha tez-tez gələcəyəm.

Pedaqoqlardan daha yenilikçi heç nə yoxdur. Uşaqlar, siz institutun ilhamı və dayağısınız.

Fürsətdən istifadə edib şad xəbəri paylaşmaq istəyirəm: tezliklə Vinisius Junior adına məktəb açılacaq. Layihə artıq hazırlanıb, onunla bağlı yer və arzular var. Bu, vətəndaşların nəsillərini formalaşdıran müasir nəsə olacaq. Biz hərəkətdəyik!” – Vinisius yazıb.

Vinisius “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində “Flamenqo”dan keçib. Braziliyalı vingerin “Kral klubu” ilə cari müqaviləsi yenilənmək üçün hazırda klub rəhbərliyinin baxışındadır.

Car mövsümdə “Vinni” madridlilərin heyətində 10 oyuna çıxıb, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 235 oyun, 62 qol, 67 məhsuldar ötürmə.

“Vinni” madridlilərlə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 25 oyun keçirib, 3 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Junioru 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: