Dünya çempionatı: Fərhad Rəcəblidən 11-ci çempionluq!

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində veteranlar arasında cüdo üzrə dünya çempionatı keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycan cüdoçuları mundialın ilk günündə 2 qızıl və 1 bürünc olmaqla 3 medal qazanıblar.

Yarışın ilk günündə M6, M7 və M8 yaş kateqoriyaları üzrə 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

M6 yaş kateqoriyası üzrə +100 kq çəki dərəcəsində Azər Əsgərov qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Qabil Qasımov 7-ci yerdə qərarlaşıb.

M7 yaş kateqoriyası üzrə -90 kq çəkidə Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Bu qələbə Fərhad Rəcəblinin usta cüdoçular arasında Dünya çempionatlarında qazandığı 11-ci qızıl medal olub.

M8 yaş kateqoriyası üzrə isə -100 kq çəkidə Arif Qasımov yarışın bürünc medalını əldə edib.

Xatırladaq ki, Əbu-Dabidəki dünya çempionatı noyabrın 3-nə qədər davam edəcək. Azərbaycan yığması bu mundiala geniş heyətlə – 50 cüdoçu ilə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: