Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində veteranlar arasında keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, yarışın ikinci günündə M1 və M3 yaş kateqoriyaları üzrə Azərbaycanın bütövlükdə 17 cüdoçusu medallar uğrunda mübarizə aparıblar.
Veteran cüdoçularımız yekunda 1-i gümüş və 3-ü bürünc olmaqla daha 4 medal qazanıblar.
M1 yaş kateqoriyası üzrə +100 kq çəkidə Qurban Məmmədli gümüş medal qazanıb. -81 kq çəkidə Orxan Hacıağalı isə 5-ci yerlə kifayətlənib.
M3 yaş kateqoriyası üzrə -66 kq çəkidə Elçin Mayılov, -81 kq çəkidə Zülfüqar Hüseynov və -100 kq çəkidə Nizami Məmmədov bürünc medal əldə ediblər. -66 kq çəkidə Vüqar Cəfərov və -100 kq çəkidə Valeri Fomin yarışı 7-ci yerdə tamamlayıblar.
Xatırladaq ki, veteranlarımız mundialın ilk günündə 3 medal qazanmışdılar. M6 yaş kateqoriyası üzrə +100 kq çəki dərəcəsində Azər Əsgərov dünya çempionu olmuşdu. M7 yaş kateqoriyası üzrə -90 kq çəkidə Fərhad Rəcəbli də bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanmışdı. M8 yaş kateqoriyası üzrə isə -100 kq çəkidə Arif Qasımov yarışın bürünc medalını əldə etmişdi.
Xatırladaq ki, Əbu-Dabidəki dünya çempionatı noyabrın 3-nə qədər davam edəcək. Azərbaycan yığması bu mundiala geniş heyətlə yollanıb. Yarışda ölkəmizin idman şərəfini bütövlükdə 50 cüdoçu qoruyur.


