İlkay Gündoğanın həyat yoldaşı təkziblə çıxış etdi

“Barselona”nın türkəsilli almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğanın həyat yoldaşı Sara Gündoğan təkziblə çıxıb edib.

Arena.az xatırladır ki, daha əvvəl mətbuatda Gündoğanın adından, “Barselona”nın futbolçuya və ailəsinə göstərdiyi münasibətdən İlkayın narazı olduğu haqda xəbərlər yayılmışdı.

Sara Gündoğan bu məlumatı təkziblə özünün sosial şəbəkə hesabları üzərindən yazı paylaşıb:

“Mən Barselonada həqiqətən xoşbəxtəm. Biz yerli insanları, klubu və digər şeyləri sevirik. Havadan götürülmüş səs-küylü xəbərlərə inanmayın”, deyə Sara yazıb.

Gündoğanın adından yayılmış həmin xəbərlərdə “Barselona”nın futbolçuya və ailəsinə yeni yaşayış yeri tapmaqda, həmçinin Barselonaya köçdükdən sonra nəqliyyat məsələsini həll etməkdə kömək etməməsindən İlkayın xoşlanmadığı deyilirdi.

Xatırladaq ki, İlkay “Barselona”ya cari ilin iyulunda “Mançester Siti”dən azad agent qismində keçib. Cari mövsümdə o, Kataloniya təmsilçisinin heyətində 14 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, İlkay geridə qalmış 2022/2023 mövsümündə “Mançester Siti”nin İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atmasında böyük xidmətlər göstərib və “şəhərlilər”in kapitanı olub.

İlkay Gündoğan hazırda kapitanı olduğu, 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 71 oyuna 18 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı İlkay Gündoğanı 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: