Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində veteranlar arasında keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, yarışın üçüncü günündə M4 və M5 yaş kateqoriyaları üzrə 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
M4 yaş kateqoriyası üzrə -60 kq çəkidə Babək Hacıyev və -100 kq çəkidə Mövlud Mirəliyev bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. -81 kq çəkidə Novruz Aslanov isə yarışı 7-ci yerdə tamamlayıb. M5 yaş kateqoriyası üzrə isə -90 kq çəkidə Mübariz Cəfərov və +100 kq çəkidə Rövşən Muxtarov fa 5-ci yerdə qərarlaşıblar.
Xatırladaq ki, Əbu-Dabidəki dünya çempionatı noyabrın 3-nə qədər davam edəcək. Azərbaycan yığması bu mundiala geniş heyətlə yollanıb. Yarışda ölkəmizin idman şərəfini bütövlükdə 50 cüdoçu qoruyur.
Əvvəlki günlərdə medal qazanmış idmançılarımızın siyahısını təqdim edirik:
M1 yaş kateqoriyası
+100 kq. Qurban Məmmədli – gümüş medal
M3 yaş kateqoriyası
-66 kq. Elçin Mayılov – bürünc medal
-81 kq. Zülfüqar Hüseynov – bürünc medal
-100 kq. Nizami Məmmədov – bürünc medal
M6 yaş kateqoriyası
+100 kq. Azər Əsgərov – qızıl medal
M7 yaş kateqoriyası
-90 kq. Fərhad Rəcəbli – qızıl medal
M8 yaş kateqoriyası
-100 kq. Arif Qasımov – bürünc medal


