Dünya çempionatı bitdi: Veteran cüdoçularımızdan 11 medal!

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində veteranlar arasında keçirilən cüdo üzrə dünya çempionatı başa çatıb.

Arena.az xəbər verir ki, yarışın sonuncu – dördüncü günündə M2 və F5 yaş kateqoriyaları üzrə 15 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Azərbaycanlı veteranlar yarışın sonuncu günündə 1 qızıl və 1 bürünc medala sahib olublar.

M2 yaş kateqoriyasında Nadir Babayev (-66 kq) qızıl medal qazanıb. Eyni çəkidə yarışan Vüqar Babayev isə bürünc medal əldə edib. Bu çəki dərəcəsindəki digər cüdoçumuz Xəyal Zalıyev də 7-ci yerlə kifayətlənib. Əfqan Abdullayev (-60 kq) isə yarışı 5-ci yerdə tamamlayıb.

F5 yaş kateqoriyası üzrə isə yeganə xanım cüdoçumuz Zülfiyyə Hüseynova mübarizə aparıb. -70 kq çəki dərəcəsində yarışan təmsilçimiz 5-ci yerdə qərarlaşıb.

Beləliklə, 31 oktyabrda start verilmiş dünya çempionatı yekunlaşıb. Veteran cüdoçularımız bu yarışda 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə ediblər. Veteranlarımız çempionatı ümumi hesabda 6-cı, kişilər arasında isə 5-ci yerdə başa vurublar.

Əvvəlki günlərdə medal qazanmış idmançılarımızın siyahısını təqdim edirik:

M1 yaş kateqoriyası
+100 kq. Qurban Məmmədli – gümüş medal

M3 yaş kateqoriyası
-66 kq. Elçin Mayılov – bürünc medal
-81 kq. Zülfüqar Hüseynov – bürünc medal
-100 kq. Nizami Məmmədov – bürünc medal

M4 yaş kateqoriyası
-60 kq. Babək Hacıyev – qızıl medal
-100 kq. Mövlud Mirəliyev – qızıl medal

M6 yaş kateqoriyası
+100 kq. Azər Əsgərov – qızıl medal

M7 yaş kateqoriyası
-90 kq. Fərhad Rəcəbli – qızıl medal

M8 yaş kateqoriyası
-100 kq. Arif Qasımov – bürünc medal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: