“İnter”in baş məşqçisi, italyan mütəxəssis Simone İnzaqi A Seriyasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İtaliya çempionatının rəsmi saytına istinadən məlumat verir.
Oktyabr ayında “İnter” A Seriyasında 4 oyun keçirib. “Neradzurri” bu oyunlarda 3 qələbə qazanıb, 1 heç-heçə edib. Beləliklə, milanlılar 12 mümkün xaldan 10 xal qazanıblar.
Vurğulayaq ki, futbol üzrə İtaliya çempionatının 10 turundan sonra “İnter” 25 xalla turnir cədvəlinə başçılıq edir.
Simone İnzaqi “İnter”i 2021-ci ilin iyunundan çalışdırır. İtalyan mütəxəssis Milan təmsilçisini çalışdırmağa “Latsio”da məşqçilik işində qiymətli təcrübə qazandıqdan sonra dəvət alıb. İnzaqinin İtaliya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
İnzaqinin “İnter”lə ümumi nəticəsi rəqəmlərin gözü ilə belədir: 122 oyun, 79 qələbə, 20 heç-heçə, 23 məğlubiyyət, top fərqi 236:107.
47 yaşlı mütəxəssis “İnter”ə İtaliya Kubokunu (2021/2022, 2022/2023) və İtaliya Super Kubokunu (2021/2022, 2022/2023) qazandırıb. Geridə qalmış 2022/2023 mövsümündə İnzaqi “neradzurri”ni UEFA Çempionlar Liqasının finalına çıxarsa da, həlledici oyunda gərgin mübarizədə Xosep Qvardiolanın “Mançester Siti”sinə 0:1 hesabı ilə məğlub olub.


