Avropa çempionatı başladı: Monpelyedə uğursuz ilk gün

Bu gün Fransanın Monpelye şəhərində böyüklər arasında təşkil olunmuş cüdo üzrə Avropa çempionatı start götürüb.

Arena.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan yığma komandasının 5 üzvü medallar uğrunda mübarizə aparıb.

Qadınlar arasında Leyla Əliyeva (-48 kq) və Gültac Məmmədəliyeva (-52 kq) güclərini sınayıblar.

Kişilər arasında -60 kq çəkidə Balabəy Ağayev və Turan Bayramov, -66 kq çəkidə Yaşar Nəcəfov tatamiyə çıxıblar.

Cüdoçularımızdan yalnız Yaşar Nəcəfov medal qazanmağa çox yaxın olub. Lakin 24 yaşlı idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Boqdan Yadova uduzub.

Yeri gəlmişkən, Avropa çempionatının birinci günündə idmançımız Balabəy Ağayev italiyalı Andrea Karlino ilə görüşdə hakimin haqsız qərarları ilə üzləşib. Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başlayıb. Təbii ki, italyan passivliyinə görə xəbərdarlıqlar almağa başlayıb, lakin sonra döyüşün mənzərəsi bir qədər dəyişib: hakim Balabəyə “şido” verməyə başlayıb və döyüş “qızıl hesaba” çevrilib. Əlavə vaxtda da cüdoçumuz fəallıq göstərməsinə rəğmən, səbəbsiz olaraq “passivliyə” görə üçüncü xəbərdarlığı alıb. O, hakimlərdən jestlərlə epizodu yenidən nəzərdən keçirməyi xahiş edərək, tatamidən çıxmaqdan imtina edib. Lakin hakimin qərarı qüvvədə qalıb və Balabəy tatamini məyus halda tərk edib.

Xatırladaq ki, Balabəy Ağayev son üç ildə iki dəfə Parisdə keçirilən “Böyük Dəbilqə”nin qalibi olub.

Monpelyedəki Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Azərbaycan yığması bu yarışda 9 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunur.

Xəbəri sosial şəbəkələrdə paylaş: