Boyan Krkiç: “Messi və Ronaldo gənclər üçün nümunə deyil”

“Barselona”nın keçmiş hücumçusu, hazırda Kataloniya klubunun sistemində futbol koordinatoru çalışan Boyan Krkiç maraqlı açıqlama verib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, o, karyerası ilə bağlı lentə alınmış sənədli filmin ismarışı ilə bağlı sualı cavablandırıb:

“Həmişə etmək istədiyim budur – özümün oyun təcrübəmi ötürmək. Nələrdən keçməli olduğumu göstərmək istədim. Qərarlarımın səbəbləri müsbət nümunə ola bilər. Bu, yalnız futbol azarkeşləri üçün deyil, daha da irəli gedir, çünki o, şəxsi vəziyyətlərdən bəhs edir. Məsələn, Messinin örnək olmadığını öyrədir, onun kimi, Ronaldonun da, Nadal da gənclər üçün nümunə ola bilməyən nadir hallardandır. Bunlar görkəmli idmançılardır. Əldə etdikləri uğur yalnız onların başına gələ bilərdi”.

Xatırladaq ki, Boyan Krkiç “Barselona”nın yetirməsidir. O, 2011-ci ilə qədər bu klubun əsas komandasında 163 oyuna çıxıb, 41 qol və 19 məhsuldar ötürmə müəllifi olub. Daha sonra 12 milyon avro qarşılığında İtaliyanın “Roma” klubuna transfer olunan hücumçu burada ümidləri doğrultmayıb. 37 oyuna cəmi 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan futbolçu 2012/13 mövsümündə İtaliyanın digər klubu “Milan”da icarədə oynayıb – 27 oyun, 3 qol və 3 məhsuldar ötürmə.

2013/14 mövsümündə “Barselona” Krkiçi heyətinə qaytarsa da, onu Niderland “Ayaks”ına icarəyə verib – 32 oyun, 5 qol, 6 məhsuldar ötürmə. 2014-cü ildə Krkiçi İngiltərənin “Stok Siti” klubu transfer edib. Burada 85 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan futbolçu Almaniyada “Maynts” (11 oyun, 1 qol, 1 məhsuldar ötürmə), İspaniyada “Alaves” (15 oyun, 1 qol) klublarında icarədə də olub. İspan forvard 2019-cu ildə “Stok Siti”ni Kanada “Monreal”ına dəyişib – 31 oyun, 7 qol, 4 məhsuldar ötürmə. 2021-ci ilin avqustundan isə o, “Vissel Kobe”nin uğurları üçün çalışırdı. Futbolçu sonuncu iş yerində 26 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Krkiç əsas millidə cəmi 1 oyun keçirib. O, ölkəsinin U-17 və U-21 yığmaları ilə Avropa çempionu olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: