Cüdo üzrə Azərbaycan yığmasının üzvü Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Arena.az xəbər verir ki, noyabrın 3-də start verilmiş böyüklər arasındakı qitə birinciliyinə bu gün yekun vurulub.
Avropa çempionatının sonuncu yarış günündə Azərbaycan cüdoçularından 3 çəki dərəcəsi üzrə 3 idmançı gücünü sınayıb.
Kişilər arasında Murad Fətiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq) və Uşanqi Kokauri (+100 kq) medallar uğrunda mübarizə aparıblar. Onlardan yalnız Zelimin çıxışı daha uğurlu alınıb. O, yarımfinalda Matvey Kanikovskiyə (Fərdi Neytral İdmançılar) qalib gələrək finala çıxıb. Zelim finalda Gürcüstan təmsilçisi İlia Sulamanidze ilə üz-üzə gəlib. Cüdoçumuz həlledici görüşdə də qələbə qazanaraq qızıl medal əldə edib. Murad Fətiyev və Uşanqi Kokauri isə medalsız qalıblar.
Qeyd edək ki, bu, Kotsoyevin ilk Avropa çempionluğudur. 25 yaşlı idmançı daha öncə Avropa və dünya çempionatlarında bir neçə dəfə bürünc medal qazanmışdı.
Beləliklə, Azərbaycan milli komandası Monpelyedəki Avropa çempionatını iki qızıl medalla başa vurub. Daha öncə Hidayət Heydərov (73 kq) da Avropa çempionu olmuşdu. Bu, onun ardıcıl ikinci, bütövlükdə isə üçüncü Avropa çempionluğu olub.
Azərbaycan yığması bu yarışda 9 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız AÇ-də ACF-nin vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış ediblər.


