Braziliya millisinin və “Tottenhem”in mərkəz hücumçusu Riçarlison qasıq nahiyəsindən əməliyyat edilməli olduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, o, bu barədə “Çelsi” ilə oyun ərəsində bildirib:
“Əlbəttə, bu gün oynayacağımı gözləyirdim (“Çelsi” ilə oyunu (1:4) nəzərdə tutur – redaktorun qeydi), çünki bu, vacib, klassik oyun idi. Dünən bildim ki, oynamayacağam, amma bu, futbolun bir hissəsidir. Təbii ki, seçimdir, çağırışdır (Braziliya millisinə – red.), istənilən futbolçudan soruşa bilərsiniz, o da gözləyəcək. Təbii ki, bunu gözləyirdim, amma artıq hiss etdim ki, fasilə vermək vaxtıdır.
Baxın, son bir neçə ay mənim üçün çətin olub. Mənim də səhhətimdə fəsadlar var, artıq həkimlərlə danışmışam və tezliklə qasıq əməliyyatı keçirəcəyəm.
Səkkiz ay əziyyət çəkdim, mübarizə apardım, komandaya, kluba baxdım və özümü tapa bilmədim. Düşünürəm ki, dincəlmək, fasilə vermək vaxtıdır. Yaxın günlərdə görəcəyik, tezliklə özüm üçün ən yaxşısını edəcəyəm”.
Riçarlison “Amerika Mineyro”nun yetirməsidir. Braziliyalı hücumçu “Tottenhem”ə 2022-ci ilin iyulunda 58 milyon avro müqabilində “Everton”dan keçib. Riçarlisonun “mahmızlar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
O, cari mövsümdə “Tottenhem”in heyətində 11 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Riçarlisonun “mahmızlar”ın heyətində ümumi statistikası isə belədir: 46 oyun, 5 qol, 7 məhsuldar ötürmə.
Riçarlison 2018-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin hetyətində 48 oyuna 20 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. O, “selesao” ilə 2019 Amerika Kubokunun, 2020 Tokio Olimpiadasının qalibi, həmçinin 5 qolla müvafiq futbol yarışının ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı Riçarlisonu 40 milyon avro məbləğində qiymətləndirir.


