Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində dördüncü matçına çıxacaq.
Arena.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu doğma meydanda Almaniyanın “Bayer” komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
“Bayer” Avroliqanın qrup mərhələsində ardıcıl üç qələbə qazanıb. Azərbaycan çempionu son oyununu səfərdə məhz bu komandaya qarşı keçirib və 1:5 hesabıyla məğlub olub. İndi Ağdam klubu doğma meydanda həmin məğlubiyyətin qisasını almağa çalışacaq. Almanlar isə növbəti qələbəsini qazanmaqla növbəti mərhələyə vəsiqəni vaxtından öncə təmin etməyi hədəfləyiblər.
“Bayer” bu mövsüm Almaniya çempionatında da 10 oyuna topladığı 28 xalla birinci pillədə qərarlaşıb. Bu komanda hər iki turnirdə məğlubiyyət tanımır və cəmi 1 heç-heçəsi var. Ağdam klubu isə Azərbaycan çempionatında geridə qalmış 12 turda 23 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. Üç məğlubiyyət almış çempionumuz daxili arenada bu mövsüm 2 heç-heçə edib və 7 qələbə qazanıb.
Azərbaycan çempionu Avroliqanın qrup mərhələsinin ilk turunda Norveçin “Molde” komandasını Bakıda, İsveç təmsilçisi “Hakken”i isə səfərdə 1:0 hesabıyla məğlub edib.
Qeyd edək ki, bu gün qrupun digər matçında “Molde” səfərdə “Hakken”in qonağı olacaq.
Avropa Liqası
H qrupu, 4-cü tur
9 noyabr
21:45. “Qarabağ” – “Bayer”
Hakimlər: Kreyq Pouson, Saymon Bennett, Li Betts, Con Bruks (hamısı İngiltərə).
VAR: Carred Cillett (Avstriya).
AVAR: Mixael Salisburi (İngiltərə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.
Xal: Bayer – 9. Qarabağ – 6. Molde – 3. Hakken – 0.


