“İnter”in baş məşqçisi, italyan mütəxəssis Simone İnzaqi komandasının Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlməsindən danışıb.
Arena.az İtaliya klubunun rəsmi saytına istinadən İnzaqinin bu barədə fikirlərini diqqətinizə çatdırır.
Xatırladaq ki, noyabrın 8-də “İnter” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə “Zalsburq”a qalib gələrək (1:0), mötəbər turnirin pley-off mərhələsinə vəsiqəsini təmin edib.
“Ehtiyatda iki oyunumuz var ikən, təsnifatı keçdiyimiz üçün fəxr edirik. Bu, 2004/2005 mövsümündən bəri baş verməyib. Ardıcıl üçüncü mövsümdür ki, pley-offa yüksəlmişik və bu, çox layiqlidir. Bununla belə, indi bilirik ki, birinci yeri tutmaq üçün qarşımızda iki görüş qalıb.
Çempionlar Liqasının hər oyunu çətin olur. Bu gün elə məqamlar oldu ki, birinci hissədə gərginləşməli olduq, amma komanda şəklində müdafiə olunduq. İndi biz irəliyə baxmalıyıq, çünki qarşıdakı həftələrdə bizi çətin oyunların siyahısı gözləyir”, deyə Simone İnzaqi bildirib.
4 turdan sonra “D” qrupunda “Real Sosyedad” və “İnter” 10 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. “Zalsburq” 3 xalla 3-cü pillədədir. Portuqaliya nəhəngi “Benfika” isə qrupun xalsız autsayderidir.


