“Azərreyl” ispanları Bakıdan məğlub yola saldı

Azərbaycanın qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çelenc kubokunda növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, təmsilçimiz bu turnirin 1/16 final mərhələsində İspaniyanın “Avarka de Menorka” kollektivi ilə qarşılaşıb.

Azərbaycan klubu bu rəqiblə ilk matçını Bakıda keçirib. Əvvəlki raundda Ukraynanın “Balta” komandasını üstələmiş Bakı klubu bu rəqibini də mübarizədən kənarlaşdırmağa çalışıb. İspanlarla ilk matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Dörd set sürən qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsiylə yekunlaşıb. Görüş qonaqların üstünlüyü ilə başlayıb və rəqib ilk setdə 25:23 hesabı ilə qalib gəlib. Lakin komandamız sonradan təşəbbüsü ələ alıb və ikinci hissədə 25:15 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Növbəti setlərdə də komandamız üstünlüyü əldən verməyib və meydandan qalib ayrılıb.

Bu komandalar arasında ikinci oyun noyabrın 15-də keçiriləcək. Səfərdə baş tutacaq cavab matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Xatırladaq ki, “Azərreyl” 1/32 finalda Ukraynanın “Balta” komandasına hər iki qarşılaşmada qalib gəlmişdi.

Çelenc Kuboku
1/16 finalın ilk oyunu
9 noyabr

“Azərreyl” – “Avarka de Menorka” 3:1 (23:25, 25:15, 25:19, 25:23)
Bakı. Voleybol Mərkəzi.

Xəbəri sosial şəbəkələrdə paylaş: