Fransa Peşəkar Futbol Liqası (LFP) Marsel və Lion “Olimpik”lərinin təxirə salınmış çempionat oyunu ilə bağlı qərarını açıqlayıb.
Arena.az bu barədə Fransa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, Liqa 1-in 10-cu turundan təxirə salınmış bu oyun dekabrın 6-da “Velodrom” stadionunda keçiriləcək.
Xatırladaq ki, bu komandalar oktyabrın sonunda oynamalı idilər. Amma marselli azarkeşlərin Lion klubunun futbolçuları və məşqçilərinin olduğu avtobusu daşqalaq etməsi səbəbindən oyun keçirilməmişdi. Lion “Olimpik”inin baş məşqçisi Fabio Qrosso və köməkçisi Raffaele Lonqo avtobusun sındırılmış pəncərələrinin şüşə qırıntıları ilə yaralanmışdılar. Futbolçular və digər komanda heyəti əsəb gərginliyi keçirmişdi.
Hazırda Liqa 1-də keçirdiyi 10 oyundan sonra Marsel “Olimpik”i 13 xalla turnir cədvəlinin 9-cu pilləsindədir. Lion “Olimpik”i isə 4 xalla sonuncu, 18-ci pillədə qərarlaşıb.


