Azərbaycan çempionu “Qarabağ”ın qitə miqyaslı yarışlar çərçivəsində doğma meydanda məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi 14 qarşılaşmadan sonra meydanı məyus tərk edib.
Qurban Qurbanovun yetirmələri ötən gün Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Almaniyanın “Bayer” klubuna 0:1 hesabı ilə uduzub.
Qurban Qurbanovun çalışdırdığı kollektiv sonuncu dəfə avrokuboklarda 2022-ci il fevralın 24-də doğma azarkeşləri önündə Fransanın “Olimpik” (Marsel) komandasına məğlub olub – 0:3. Bu görüş Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində baş tutub.
Xatırladaq ki, “Qarabağ” 633 gündən sonra ev oyununda məğlubiyyətlə barışıb. Ağdam təmsilçisi arxada qalan müddətdə avrokuboklarda doğma meydanda keçirdiyi 14 matçın 8-də qələbə qazanıb, 6-da heç-heçə edib.
Azərbaycan çempionu Avropa Liqasının H qrupunda yer alıb. Təmsilçimiz hazırda 6 xalla qrup ikincisidir. 12 xalı olan “Bayer” artıq növbəti mərhələyə vəsiqəni təmin edib. Norveçin “Molde” komandasının da 6 xalı var. Sonuncu olan İsveç “Hakken”i isə hələ xal hesabını aça bilməyib.


