Turan Bayramov uzun müddətə sıradan çıxdı

Fransanın Monpelye şəhərində böyüklər arasında keçirilmiş Avropa çempionatında zədələnən Turan Bayramov uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Avropa çempionatının ilk yarış günündə kişilər arasında -60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Qamzat Zayrbekovla ilk görüşündə zədələnmişdi. O, zədə almağına baxmayaraq görüşlərinə davam etmişdi. Yarışdan sonra aparılan müayinələr nəticəsində Turanın zədəsinin ciddi olduğu ortaya çıxıb. O, yaxın 8 həftə ərzində müalicə-bərpa mərhələsini keçəcək.

Turan Bayramov yığmanın tibbi heyətinin qərarına əsasən, 12 noyabrdan etibarən Yaponiyada keçiriləcək təlim-məşq toplanışında və 2-3 dekabrda keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək heyətdən çıxarılıb.

Bayramovun müalicəsinə dərhal başlanılıb. Onun ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaş: