“Mançester Yunayted”in danimarkarlı mərkəz hücumçusu Rasmus Höylund “qırmızı şeytanlar”ın sabiq futbolçusu Kristiano Ronaldo haqda danışıb.
Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən, Höylundun portuqal ulduz haqda fikirlərini təqdim edir:
“Uşaqlıqda Kristiano mənim kumirim idi. Mən həmişə onun dünyanın ən yaxşı futbolçusu olduğunu düşünürdüm və sadəcə olaraq, ondan öyrənməyə çalışırdım. Güman ki, o, bütün zamanların ən qolçu oyunçusudur. Daha çox onun driblinqçi olduğu vaxtlarda həmişə ona baxırdım, amma indi o, əsl qolçudur.
Bəli, onun əsl istedadı vardı, amma o, tarixin ən yaxşısı olmaq üçün çox çalışdı və bu, onda mənim xoşuma gəlir”, deyə Höylund bildirib.
Xatırladaq ki, hazırda “Əl-Nəsr”də çıxış edən Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasınıda vurduğu 12 qol və verdiyi 7 məhsuldar ötürmə ilə çempionatın ən sərrast və səmərəli futbolçusudur. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində 16 oyuna 15 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Vurğulayaq ki, 38 yaşlı Kristiano Ronaldo həm də “Əl-Nəsr”in kapitanıdır.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 203 oyun keçirib, 127 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Rasmus Höylund “Mançester Yunayted”ə cari ilin avqustunda 75 milyon avro qarşılığında “Atalanta”dan keçib. Danimarkalı hücumçunun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Höylund “Mançester Yunayted”in heyətində 14 oyuna 5 qol vurub.
Höylund 2022-ci ilin sentyabrında debüt etdiyi Danimarka yığmasının heyətində 10 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 20 yaşlı Rasmus Höylundu 65 milyon avro məbləğində qiymətləndirir.


