Françesko Totti: “Hazırda “Roma”da belə bir istək yoxdur”

“Roma”nın sabiq hücumçusu, canlı əfsanəsi Françesko Totti rəhbər vəzifələrdən birini tumaqla, kluba qayıdışının mümükünlüyünə dair danışıb.

Arena.az “Radio TV”-yə istinadən Tottinin bu barədə fikirlərini təqdim edir:

“Mən həmişə eyni cavabı verirəm: nikah iki nəfər tərəfindən bağlanır. Amma hazırda qarşı tərəfdə belə bir istək yoxdur. Bununla belə, lazım gələrsə, mən həmişə oradayam və həmişə olduğu kimi, “Roma” üçün əlimdən gələni edəcəyəm”, deyə Totti vurğulayıb.

Vurğulayaq ki, hazırkı klub rəhbərliyi ilə münasibətlərinin sərin olmasına rəğmən, Totti “Roma” azarkeşləri tərəfindən sevilir və hörmətlə xatırlanır.

Totti “Roma”nın heyətində ümumilikdə 785 oyun keçirib, 307 qol vurub, 209 məhsuldar ötürmə verib. Françesko “canavarlar”la İtaliya çempionatını (2000/2001), İtaliya Kubokunu (2006/2007, 2007/2008) və İtaliya Super Kubokunu (2001, 2007) qazanıb.

Françesko Totti İtaliya yığmasının heyətində 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: